Xəbərlər

“Qanlı Göl”ə yeni həyat veriləcək - Kristal Abşeron

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qanlı Göl" ərazisi üzrə təqdim olunan layihələrin qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib. Agentliyin konfrans zalında təşkil olunan tədbirdə şirkətlərin, dövlət qurumlarının, QHT, KİV və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi aparılıb.

Görüşdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov "Qanlı Göl" ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri barədə məlumat verib. O bildirib ki, burada tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

“Bu gün "Qanlı göl"lə bağlı bizi narahat edən ən mühüm məsələ dib çöküntüsünə müdaxilənin nəticəsi ilə bağlıdır. Müvafiq qurumlarla əlaqə saxlayaraq birlikdə araşdırma aparılmalı, gölün dibinə müdaxilə edilsə, hansı fəsadlar yarana bilər, nəticəsi necə olar, bu barədə hərtərəfli danışıqlar, monitorinqlər olmalıdır. İnanırıq ki, müqayisəli təhlillər nəticəsində bu problemin də həllinə nail olunacaq". – deyə M.Qənbərov qeyd edib.

“Kristal Abşeron” tərəfindən irəli sürülən və icrası həyata keçirləcək layihə haqqında şirkətin direktoru İbrahim Dostumalıyev qeyd edib ki, böyük həcmdə yaşıllıqları əhatə edəcək yaşayış kompleksinin tərkibində 6 hektarlıq “Şamlıq park” və Qanlı göl təmizləndikdən sonra 32 hektarlıq su hövzəsi ətrafı bulvar tikiləcək. İ.Dostumalıyev bu layihənin Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb. O, ətraf ərazidə fərdi həyət evlərində yaşayan 400 ailənin də bundan fayda görəcəyini bildirərək, layihə planında yağış sularının idarə olunması, kanalizasiya sularının təmizlənməsi qurğularının tikilməsinin olduğunu qeyd edib.

BİZ SİZƏ ZƏNG EDƏK!